Vergi ödəyicisi ondan düzgün tutulmamış və ya artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş verginin, faizlərin və maliyyə sanksiyasının məbləğinin qaytarılmasını vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 (beş) il müddətində tələb etmək hüququna malikdir.
Artıq ödənilmiş vergilərin qaytarılması üçün müraciət
Vergi ödəyicisi artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə aidiyyəti üzrə vergi orqanlarına müraciət etməlidir. Büdcəyə artıq ödəmələrin qaytarılması üçün ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara təqdim olunmalıdır.
Vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar artıq ödənilmiş, habelə rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları ilə bağlı müəyyən hərəkətləri yerinə yetirirlər.
Artıq ödəmələrin geri qaytarılması üçün prosedur aşağıdaki kimidir:
- vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər;
- vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər;
- büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı və ya Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemində yaradılmış “Vahid elektron lövhə” bölməsi vasitəsilə tərtib edilmiş elektron ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə rəy tərtib edirlər;
- rekvizitlərin səhv göstərilməsi və (və ya) ödəniş əməliyyatlarının səhv icra olunması nəticəsində səhv ödənilmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə məbləğlərin vergi ödəyicisinin borcu olmadığı halda 20 gün ərzində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə rəy tərtib edirlər;
- gömrük orqanları avtonəqliyyat vasitəsinin sərhəd buraxılış məntəqəsində ləngimədən hərəkətini təmin etmək məqsədilə artıq alınmış yol vergilərinin nağd formada qaytarılmasını təmin edirlər.
Artıq ödənilmiş məbləğlərin geri qaytarılması müddəti
Vergi Məcəlləsinin tələblərinə əsasən vergi ödəyicisi tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir.
Vergi ödəyicisinin, sığortaedənin və ya sığortalının artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45, və ya qaydalarda müəyyən edildiyi halda 20 gün, və ya 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə faiz ödənilmir.
Büdcəyə artıq ödəmələrin qaytarılmasının gecikdirilməsi vergi ödəyicisinin mövcud qaydalara riayət etməməsi səbəbindən baş verdiyi halda gecikdirilmiş müddət üçün faiz ödənilmir.
Artıq ödənilmiş vergilərin vergi ödəyicilərinə qaytarılması üçün təklif etdiyimiz xidmətlər:
- Sənədlərin hazırlanması və hüquqi müşayiət
- Vergi qurumlarında təmsilçilik və hüquqların müdafiəsi
- Məhkəmədə təmsilçilik və hüquqi müdafiə
Qeyd etdiyimiz kimi dövlət büdcəsinə vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin geri qaytarılması üçün qanunvericilikdə konkret olaraq müəyyən edilmiş qaydalar mövcuddur. Lakin, bu qaydalara düzgün riayət edilməməsi, sənədlərin düzgün hazırlanmaması və ya müddətin ötürülməsi sizin artıq ödənilmiş vergi məbləğlərinin qaytarılması prosesini çətinləşdirə və ya mümkünsüz edə bilər. Bu səbəbdən də əgər sahibkar kimi belə bir halla qarşılaşmısınızsa vergi sahəsində ixtisaslaşmış vəkillərimizin xidmətlərindən istifadə edə bilərsiniz.
Vergi hüququ üzrə digər xidmətlərimizlə tanış olub, ətraflı məlumat almaq istəyirsinizsə “Vergi Sahəsi üzrə Vəkil Xidmətləri“ səhifəsinə baş çəkə bilərsiniz.