Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən bir sıra əcnəbilər və ya vətəndaşlar burada şirkət qeydiyyatdan keçirməklə öz fəaliyyətlərini qurmağı planlayırlar. Təcrübəmizə əsaslanaraq qeyd edə bilərik ki, şəxslərin ən çox müraciət etdiyi xidmət məhdud məsuliyyətli cəmiyyət formasında hüquqi şəxsin təsis edilməsidir. Məhdud Məsuliyyətli Cəmiyyətin təsis edilməsi daha az zaman tələb edən və daha sadə üsuldur, bu səbəbdən də yeni sahibkarlıq fəaliyyətinə başlayan şəxslər üçün ən uyğun seçim hesab edilir.
Əcnəbilər üçün şirkət qeydiyyatının ingilis dilində (company registration in Azerbaijan) olan blogunda qeydiyyatla bağlı daha detallı məlumat ala bilərsiniz.
Şirkət qeydiyyatı prosesi
Qeyd etdiyimiz kimi şirkət təsis etmək üçün ən sadə və qısa zaman tələb edən yollardan biri MMC, yəni məhdud məsuliyyətli cəmiyyət formasında şirkət qeydiyyatıdır.
MMC qeydiyyatı əcnəbilər və yerli vətəndaşlar üçün ayrı qaydada olur. Belə ki, əgər siz Azərbaycan Respublikası vətəndaşısınızsa elektron qaydada hüquqi şəxsin qeydiyyatı ilə bağlı müraciət edə bilərsiniz. Bunun üçün siz sadəcə elektron vergi sisteminə elektron imza, əgər bu yoxdursa şəxsiyyət vəsiqəniz və telefon nömrənizi qeyd etməklə daxil olmalısınız. Bundan sonra isə sistemdə hüquqi şəxslərin qeydiyyatı ilə bağlı müvafiq hissəyə keçid edərək zəruri məlumatları doldurub şirkətinizi asanlıqla qeydiyyatdan keçirə bilərsiniz.
Əcnəbi şəxslər Azərbaycanda şirkət qeydiyyatdan keçirmək istəyirlərsə müvafiq sənədləri kağız daşıyıcıda Dövlət Vergi Xidmətinə və ya ASAN Xidmət mərkəzlərində vergi bölməsinə təqdim etməlidirlər.
Şirkət qeydiyyatı üçün tələb edilən sənədlər
MMC qeydiyyatı üçün sizə lazım olan sənədlər aşağıdakılardır:
- Şirkətin direktor və təsisçi(lər)inin pasportlarının surəti;
- Nizamnamə;
- Direktorun təyin edilməsi haqqında qərar;
- Notarial qaydada təsdiq edilmiş kommersiya qurumunun qeydiyyatı üçün ərizə;
- Əgər müraciət nümayəndəniz tərəfindən edilirsə etibarnamənin surəti;
- Dövlət rüsumunu təsdiq edən qəbz.
Şirkət qeydiyyatdan keçən zaman şirkətdə direktor və təsisçilər olmalı, həmçinin müvafiq qaydada təsisçilər arasında paylar müəyyən edilməlidir. Qeyd edək ki, eyni şəxs həm təsisçi, həm də direktor kimi çıxış edə bilər.
Qeyd edək ki, əgər siz əcnəbisinizsə şirkət qeydiyyatı üçün Azərbaycanda olmağınıza ehtiyac yoxdur. Belə ki, siz olduğunuz ölkədən nümayəndənizə etibarnamə göndərərək, sizin adınızdan şirkət təsis edilməsini nümayəndənizə həvalə edə bilərsiniz.
Şirkətin yaradılma müddəti
Şirkət qeydiyyatı prosesi 3 iş gününə tamamlanır. Proses tamamlandıqdan sonra siz şirkətin təsis sənədlərini, yəni nizamnamə, vöen və çıxarışı elektron sistemdən əldə edə bilərsiniz. Şirkət qeydiyyatdan keçdikdən sonra Azərbaycan Respublikasında fəaliyyət göstərən istənilən banka təsis sənədlərinin elektron versiyası ilə və şirkətin möhürü ilə yaxınlaşaraq bank hesablarının açılması ilə bağlı müraciət edə bilərsiniz.
Qeyd edək ki, şirkət qeydiyyatı prosesi nə qədər sadə olsa da, burada da müəyyən diqqət tələb edən məqamlar var. Sənədlərin düzgün hazırlanmaması, və sizin tərəfinizdən yol verilən ən kiçik texniki səhv belə Dövlət Vergi Xidməti tərəfindən sənədlərin geri qaytarılmasına və sizin üçün vaxt itkisinə səbəb ola bilər. Bütün bunları nəzərə alaraq şirkət qeydiyyatı üçün peşəkarlara müraciət etməyiniz daha məqsədəuyğundur.
Şirkət qeydiyyatı ilə bağlı Sizə təklif etdiyimiz xidmətlər
Komandamızın peşəkar hüquqşünasları Sizə biznesinizi güvənli şəkildə qurmaq üçün aşağıdakı hüquqi xidmətləri təklif edir:
- İlkin hüquqi konsultasiya – bu konsultasiya zamanı sizinlə Azərbaycandakı mövcud bazar təhlil olunur, uyğun imkanlar nəzərdən keçirilir və uyğun biznes sahəsinin seçilməsində sizə istiqamət verilir;
- Şirkət qeydiyyatı üçün sənədlərin hazırlanması və müraciət;
- Şirkətin hüquqi adreslə təmin olunması;
- Möhür sifarişi;
- Bank hesablarının açılması;
- Mühasibatlıq və vergi sahəsində konsultasiya və aylıq xidmətlərin göstərilməsi.
Şirkətiniz tam hazır olduqdan sonra gələcəkdə şirkətiniz üçün əhəmiyyətli olacaq vergi xidmətlərimizdən də yararlana bilərsiniz.
Əgər siz də öz biznesinizi bütün hüquqi prosedurlara uyğun və güvənilir qurmaq istəyirsinizsə elə indi bizimlə əlaqə saxlaya bilərsiniz.