Azərbaycan Respublikası Ailə Məcəlləsinə əsasən ölüm bu barədə məlumat verən şəxsin seçdiyi, ölüm faktı məhkəmə tərəfindən müəyyən edildikdə və ya şəxs ölmüş elan edildikdə isə məhkəmə qətnaməsinin çıxarıldığı yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanda (qurumda) dövlət qeydiyyatına alınır. Ölümün qeydə alınması ilə bağlı bir sıra prosedurlar mövcuddur.
Ölümün dövlət qeydiyyatına alınması
Ölüm halı baş vermişdirsə Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) Azərbaycan Respublikasının ərazisində ölmüş şəxsin ölümünü informasiya sisteminə ötürülmüş məlumat əsasında həmin məlumatın ötürüldüyü iş günü ərzində dövlət qeydiyyatına alır.

- Ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən dərhal ötürülməlidir;
- Əgər ölüm faktı məhkəmə qaydasında təsdiq olunursa ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə məhkəmənin qətnaməsi qanuni qüvvəyə mindikdən sonra həmin qətnamədən çıxarış dərhal informasiya sisteminə ötürülməlidir.
Ölümün qeydə alınması üçün ərazi üzrə ASAN xidmət mərkəzlərinə yaxınlaşmağınız da kifayət edir.
Ölümün qeydə alınması üçün tələb edilən sənədlər
- Ölüm faktını təsdiq edən sənəd;
- Ölüm faktının müəyyən edilməsi haqqında və ya vətəndaşın ölmüş elan edilməsi haqqında məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi;
- Ölən şəxsin şəxsiyyətini təsdiq edən sənədlər, habelə ölən şəxs Azərbaycan Respublikasında daimi yaşayan əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda, onun yaşamasına icazəni təsdiq edən sənədlər;
- Ölən şəxs hərbi vəzifəli və ya çağırışçı olduqda hərbi bilet (hərbi xidmətlə bağlı olan sənədlər).
Qeyd edək ki, əgər ölüm faktı həkim tərəfindən təsdiq edilməmişdirsə yalnız bu halda ölüm faktı məhkəmə tərəfindən təsdiq edilir və ölümün qeydə alınması üçün sizdən məhkəmə qətnaməsi tələb edilir.
Ölümün qeydə alınması üçün qeyd olunan proseslə bağlı dövlət rüsumu nəzərdə tutulmamışdır.
Ölüm faktının məhkəmə qaydasında müəyyən olunması
Bəzi hallarda ölüm faktını təsdiq edən həkimdən alınan sənəd mövcud olmur və ya tibb müəssisələri əsassız şəkildə ölümü təsdiq edən sənədi verməkdən imtina edirlər. Bu kimi hallarda qeydiyyat orqanlarına ölümün qeydə alınması ilə bağlı müraciət etmək mümkün olmur. Bu zaman hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək zəruridir. Çünki, yalnız məhkəmənin yekun qətnaməsi ilə şəxsin ölüm faktı qeydə alına bilər.
Ölüm faktının məhkəmə qaydasında müəyyən olunmasına dair işlər üzrə ərizə ərizəçinin yaşadığı yer üzrə məhkəməyə verilir. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
Qeyd edək ki, ərizə ilə məhkəməyə müraciət edilən zaman ərizə əsaslı olmalı və ərizədə ölüm faktının müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir.
Fiziki şəxsin ölmüş elan edilməsi
Ölüm faktının məhkəmə tərəfindən təsdiq edilməsi hallarından biri də fiziki şəxsin ölmüş elan edilməsi ilə bağlıdır. Əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər. Hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşmüş hərbi qulluqçu və ya digər şəxs hərbi əməliyyatların qurtardığı gündən azı iki il keçdikdən sonra məhkəmə qaydasında ölmüş elan edilə bilər. Məhkəmə şəxsin hərbi əməliyyatlarda həlak olduğunu güman etməyə əsas verən halları nəzərə alaraq, onu bu müddət bitməzdən əvvəl, lakin hərbi əməliyyatların qurtardığı gündən altı aydan tez olmayaraq ölmüş elan edə bilər. Şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır.
Ölümün dövlət qeydiyyatına alınması və ölüm faktının müəyyən edilməsi ilə bağlı sizə təklif etdiyimiz xidmətlər
Ölümün dövlət qeydiyyata alınması prosesində sənədlərin düzgün hazırlanması və düzgün müraciət edilməsi, habelə əgər ölüm faktı məhkəmə tərəfindən müəyyən edilirsə bununla bağlı məhkəməyə əsaslandırılmış ərizə və sübutlarla müraciət edilməsi mütləqdir. Əks halda bu prosesin uzanmasına və sizin üçün vaxt itkisinə səbəb ola bilər. Nəzərə alsaq ki, bu proses mənəvi cəhətdən kifayət qədər həssas bir prosesdir, çox zaman itirməmək və prosesi tez bir şəkildə yekunlaşdırmaq üçün peşəkarlara müraciət edə bilərsiniz.
Komandamızın peşəkar vəkillərinin bu sahədə sizə təqdim etdiyi xidmətlər aşağıdakılardır:
- ölümün qeydə alınması ilə bağlı sənədlərin hazırlanması və müraciət;
- ölüm faktının müəyyən olunması ilə bağlı ərizə ilə məhkəməyə müraciət;
- məhkəmədə təmsilçilik;
- məhkəmə qətnaməsinin icrasına nəzarət.
Əgər siz də peşəkar hüquqi xidmətlərdən yararlanmaq istəyirsinizsə elə indi bizimlə əlaqə saxlaya bilərsiniz.