İstər sahibkarların, istərsə də sahibkarlıqla məşğul olmayan fiziki şəxslərin iştirak etdiyi mülki münasibətlərdən biri də icarə münasibətləridir. İcarə münasibətləri hər hansısa icarə obyektinin icarəyə verən tərəfindən icarəçiyə müəyyən haqq müqabilində, müəyyən müddət istifadə olunması üçün verilməsi ilə bağlı yaranan münasibətlərdir.
İcarə müqaviləsinin anlayışı və subyektləri
İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.
İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Torpaq icarəsi istisna olmaqla digər icarə münasibətlərinə əmlakın kirayəsi ilə bağlı müddəalat tətbiq oluna bilər.
İcarə münasibətlərinin rəsmiləşdirilməsi
İcarə münasibətləri müqavilə yolu ilə rəsmiləşdirilir və tərəflər arasında bağlanılan müqavilə icarə müqaviləsi adlanır. Müqavilə bağlanan zaman müqavilə şərtlərinə, ödəniş və müddət kimi müddəalarına diqqət yetirmək zəruridir.
Əgər hər hansı torpaq sahəsinin, hüququn və ya müəssisənin icarəsi müqaviləsi bağlanarkən icarə müddəti müəyyənləşdirilməyibsə, müqavilənin ləğvinə yalnız azı altı aylıq xəbərdarlıq müddətini gözləmək şərti ilə ilin sonunda yol verilir.
Torpaq icarəsi müqaviləsinə əsasən icarəyə dövlət, bələdiyyə və xüsusi mülkiyyətdə olan bütün kateqoriyalara aid torpaqlar verilə bilər.
Torpaq icarəsi müqaviləsində icarəyə verilən torpaq sahəsinin ölçüsü, keyfiyyət kateqoriyası, təyinatı, icarənin müddəti, icarə haqqı, ödənilmə qaydaları, torpaqların istifadəsi, mühafizəsi və keyfiyyətinin yaxşılaşdırılması şərtləri və ya qanunvericilikdə qeyd olunmuş digər şərtlər nəzərdə tutula bilər.
İcarə münasibətləri ilə bağlı mübahisələr
İcarə mübahisələri bir sıra səbəblərdən dolayı yaranır. Praktikada icarə ilə bağlı əsas rast gəlinən mübahisələr aşağıdakılardır:
- icarə obyektinin təyinatına uyğun istifadə edilməməsi ilə bağlı mübahisələr;
- icarə haqqının ödənilməməsi ilə bağlı mübahisələr;
- icarə müqaviləsinə əsassız olaraq vaxtından əvvəl xitam verilməsi ilə əlaqədar mübahisələr;
- dəymiş zərərin ödənilməsi ilə bağlı mübahisələr.
İcarə obyektinin təyinata uyğun istifadə edilməsi dedikdə bu nəzərdə tutulur ki, sizə icarəyə verilən əmlakı onun məqsədlərinə uyğun şəkildə istifadə etməlisiniz. Məsələn, əgər sizə yaşayış üçün mənzil icarəyə verilmişdirsə bu mənzili digər məqsədlər üçün istifadə edilməsi müqavilə şərtlərinin pozulmasına gətirib çıxarır ki, bu da mübahisənin yaranmasına səbəb ola bilər.
Həmçinin, icarə obyekti ilə birlikdə sizə verilmiş əşyalardan da təyinatına uyğun istifadə edilməsi, həmin əşyalara zərər vurulmaması və sıradan çıxarılmaması zəruridir. Belə ki, icarə müqaviləsində bu əşyalara münasibətdə də müəyyən öhdəliklər və dəymiş zərərin ödənilməsi ilə bağlı müddəalar nəzərdə tutula bilər.
İcarə haqqının ödənilməməsi ilə bağlı mübahisələr
Digər mübahisələr isə icarə haqqının ödənilməməsi, vaxtında ödənilməməsi, qəsdən gecikdirilməsi ilə bağlı olan mübahisələrdir. Bu tip mübahisələr adətən müqavilə üzrə öhdəliklərin pozulması ilə yaranır. Belə ki, icarəçi müqavilədə nəzərdə tutulmuş məbləği, müqavilədə nəzərdə tutulmuş vaxtda aylıq icarəyə verənə ödəməlidir.
İcarə müqavilələri müddətli qaydada bağlanılmışdırsa müddətin sonunda tərəflərin qarşılıqlı razılığı ilə müddət uzadıla bilər. Əgər müddət bitməmişdən əvvəl tərəflər müqaviləyə xitam vermək istəyirlərsə belə olan halda bir tərəf digər tərəfi əvvəlcədən xəbərdar etməlidir. Qarşı tərəfi xəbərdar etmədəm müqaviləyə xitam vermək və icarəçini icarə obyektindən uzaqlaşdırmaq qanunvericiliyə ziddir.
İcarə mübahisələri ilə bağlı sizə təklif etdiyimiz xidmətlər
İcarə mübahisələri ilə bağlı komandamızın peşəkar vəkilləri sizə müqavilələrin tərtib edilməsi və təhlil edilməsi, yaranmış mübahisə ilə bağlı məhkəməyə müraciət edilməsi, məhkəmədə təmsilçilik, lazımi prosessual sənədlərin hazırlanması kimi xidmətlər göstərir.
Əgər sizin də icarə mübahisəniz varsa mübahisənizin həlli üçün komandamızın peşəkar vəkillərinə müraciət edə bilərsiniz.
Digər mülki hüquqi xidmətlərimizlə tanış olmaq üçün linkə keçi edə bilərsiniz.