Əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında qarşılaşdığı problemli bir o qədər də riskli məsələlərdən biri də ölkə hüdudlarından kənara çıxarılması və ya deportasiya ilə bağlıdır. Bir sıra hallarda şəxslər olduqları ölkənin qanunları bilmədikləri üçün və ya xəbərdar olmadıqları üçün pozuntulara yol verir və nəticədə bu kimi hallarla qarşılaşırlar. Lakin nəzərə almaq lazımdır ki, qanunu bilməmək məsuliyyətdən azad etmir və bu kimi situasiyalarla qarşılaşmamaq üçün maksimum diqqətli olmaq lazımdır. Deportasiyanın aradan qaldırılması ilə bağlı göstərdiyimiz xidmətlər Miqrasiya işləri üzrə hüquqi xidmətlərimizdəndir.
Deportasiya edilmənin əsasları nələrdir?
Əgər barənizdə ölkə hüdudlarından çıxarılma barədə qərar qəbul edilmişdirsə bunun əsaslarını da mütləq şəkildə bilməlisiniz. Deportasiya edilmənin əsasları aşağıdakılardır:
- cinayət törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara məcburi çıxarma cəzası təyin edildikdə;
- inzibati xəta törədildiyinə görə Azərbaycan Respublikasının hüdudlarından kənara inzibati qaydada çıxarma inzibati tənbeh tədbiri tətbiq edildikdə;
- əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasının hüdudlarından kənara çıxarılması haqqında qərar qəbul edildikdə;
- Azərbaycan Respublikası ərazisində olması arzuolunmaz hesab edildikdə;
- qaçqın statusu verilməsindən imtina edildikdə;
- vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı, yaxud müvəqqəti və ya daimi yaşamaq üçün icazəsi ləğv edildikdə.
Əgər siz Azərbaycan Respublikası ərazisində cinayət törətmisinizsə sizə cinayət işinin nəticəsi olaraq ölkə hüdudlarından kənara çıxarılma cəzası təyin edilə bilər.
İnzibati xətalarla bağlı deportasiya edilmə
İnzibati xətalarla bağlı deportasiya olunmasının özünün də bir sıra əsasları mövcuddur. Məsələn, əgər siz viza ilə vizada nəzərdə tutulmuş müddətdə və ya viza tələb olunmayan qaydada nəzərdə tutulmuş müddətdə ölkə ərazsində qalırsınızsa bu müddət başa çatdığı gün artıq ölkəni tərk etməlisiniz. Əks halda ölkədə qanunsuz olaraq qalmış hesab ediləcəksiniz və bu sizin barənizdə deportasiya ilə bağlı qərar çıxarılmasına səbəb ola bilər. Ölkədə qanunsuz şəkildə qalma müddətiniz əgər sadəcə bir neçə gündürsə belə olan halda barənizdə sadəcə cərimə cəzası da tətbiq edilə bilər, əgər bu müddət uzun period üçün davam edibsə barənizdə ölkə hüdudlarından kənara çıxarılma ilə bağlı cəza təyin edilə bilər. Bu səbəbdən də ölkədə qalma müddətlərinizi nəzarətdə saxlamağınız mütləqdir və sizi risklərdən qoruyur.
Həmçinin, əgər ölkədə yaşayış icazəsi ilə yaşayırsınızsa və yaşayış icazənizin vaxtı bitmişdirsə, bu halda da siz ölkə ərazisində qanunsuz yaşamış hesab edilirsiniz. Bu səbəbdən də yaşayış icazənizin vaxtının bitməsinə ən azı bir ay qalmış müddətin uzadılması ilə bağlı Dövlət Miqrasiya Xidmətinə müraciət etməlisiniz və ya əgər müddəti uzatmaq istəmirsinizsə müddət bitdikdən sonra ölkəni tərk etməlisiniz. Dövlət Miqrasiya Xidməti tərəfindən yaşayış icazəsinin müddəti bitdikdən sonra ölkəni tərk etməklə bağlı Sizə 10 gün möhlət verilsə də bu müddətdən sui-istifadə halları yolverilməzdir.
Cəza çəkməkdən azad edilmiş, vizası və ya müvəqqəti olma müddətinin uzadılması barədə qərarı ləğv edilmiş, habelə Azərbaycan Respublikasının ərazisində olması arzuolunmaz hesab edilmiş şəxslər deportasiya ilə bağlı qərar qəbul edildikdən sonra 48 saat ərzində ölkəni tərk etməlidirlər.
Əgər siz qeyd edilən xətalara yol verirsinizsə Dövlət Miqrasiya Xidməti tərəfindən sizin barənizdə ölkə hüdudlarından kənara çıxarılma ilə bağlı qərar qəbul edilir. Bu qərara əsasən siz deportasiya edilirsiniz. Deportasiya edilən zaman sizin ölkəyə girişinizə müəyyən müddət üçün məhdudiyyət qoyulur.
Deportasiya edilən şəxslərin göndərilməsi
Ölkə hüdudlarından çıxarılan şəxslər aşağıdakı istiqamətlərdən birinə deportasiya edilə bilərlər:
- Əcnəbi – vətəndaşı olduğu ölkəyə, bu mümkün olmadığı halda isə Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə;
- Vətəndaşlığı olmayan şəxs – bundan əvvəl daimi yaşadığı ölkəyə, Azərbaycan Respublikasına birbaşa gəldiyi ölkəyə, onu qəbul etmək istəyi olan və bu barədə vəsatət qaldıran ölkəyə;
- İkili vətəndaşlığı olan şəxs – daimi yaşadığı və ya daha sıx əlaqəli olduğu ölkəyə.
Deportasiya ilə bağlı sizə təklif etdiyimiz xidmətlər
Əgər siz qanunları bilmədiyiniz üçün yalnışlıqla və ya səhhətinizdə olan problemlər, şəxsi problemlər vəs. üzrlü səbəblərdən dolayı ölkə ərazisində müddətdən artıq qalmısınızsa, sizin hüquqlarınızın miqrasiya orqanlarında müdafiəsi üçün komandamızın peşəkar və təcrübəli hüquqşünaslarına müraciət edə bilərsiniz. Belə ki, əgər ölkədə qanuni olma müddətiniz bitdikdən sonra çox uzun müddət keçməmişdirsə və siz yuxarıda qeyd edilən üzrlü səbəblərdən dolayı ölkəni tərk edə bilməmişsinizsə, bununla bağlı miqrasiya orqanında əsaslı və sübutlarla müdafiə olunmağa ehtiyacınız olacaqdır. Belə olan halda sizin barənizdə deportasiya ilə bağlı deyil, sadəcə cərimə ilə bağlı qərar qəbul ediləcəkdir və siz cərimə məbləğini ödədikdən sonra ölkəni tərk edib, sonradan istədiyiniz vaxt ölkəyə heç bir maneəsiz daxil ola bilərsiniz.
Bu prosesdə sizin də hüquqlarınızın müdafiə olunmağına və probleminizin həll edilməsinə ehtiyac varsa elə indi komandamızın peşəkar miqrasiya hüquqşünasları ilə əlaqə saxlaya bilərsiniz.