Məhkəmə prosesləri əsasən mövcud olan 3 instansiyadan keçə bilər. Birinci instansiya məhkəmələri, apellyasiya instansiyası və kassasiya instansiyası. Əgər birinci instansiya məhkəməsində sizin iddianız təmin olunmazsa və ya məhkəmə sizin xeyrinizə qərar qəbul etməzsə, sonrakı mərhələdə apellyasiya məhkəməsinə müraciət edə bilərsiniz. Apellyasiya məhkəməsinin çıxardığı qərar da sizi qane etməzsə kassasiya instansiyasına müraciət edə bilərsiniz. Kassasiya instansiya məhkəməsi Azərbaycan Respublikasının Ali Məhkəməsidir.
Professional vəkil və hüquqşünaslarımızın təqdim etdiyi Hüquqi xidmətlərdən biri də kassasiya şikayətlərinin hazırlanması ilə bağlı xidmətləridir.
Kassasiya şikayətinin hazırlanması qaydası
Kassasiya şikayətlərini hazırlayan zaman mülki prosessual qanunvericilikdə nəzərdə tutulmuş texniki qaydalara əməl etmək mütləqdir. Belə ki, qaydalara uyğun olmadan tərtib edilmiş kassasiya şikayətləri məhkəmə tərəfindən geri qaytarılır ki, bu da sizin üçün vaxt itkisinə səbəb ola bilər.
Kassasiya şikayətləri tərtib edilən zaman şikayətin məzmununa, əsaslandırılmasına diqqət ayrılmalıdır. Şikayətdə işin halları, əvvəlki instansiyalarda qəbul edilmiş məhkəmə qərarları göstərilməli, habelə apellyasiya instansiyasında qəbul edilmiş qərarın hansı hissələri ilə razılaşmadığınız əsaslandırılaraq göstərilməlidir. Əgər apellyasiya instansiya məhkəməsinin hansısa maddi və prosessual hüquq normalarını pozduğunu düşünürsünüzsə, həmin normalar da mütləq şəkildə kassasiya şikayətinizdə qeyd edilməlidir.
Habelə kassasiya şikayətini göndərən zaman qoşma sənədlərə də diqqət yetirmək lazımdır. Etibarnamə, order, rüsum ödənilməsini təsdiq edən qəbzlər, həmçinin işin hallarından asılı olaraq əlavə sənədlər mütləq şikayətə qoşmada məhkəməyə təqdim edilməlidir.
Kassasiya şikayətinin verilmə müddəti
Kassasiya şikayəti verən zaman diqqət edilməli olan məqamlardan biri də müddətlərlə bağlıdır. Belə ki, mülki işlər üzrə apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti aşağıdakı müddətlərdə verilə bilər:
- qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində;
- qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində.
İnzibati işlər üzrə isə bu müddət 1 ay təşkil edir. Müddətin ötürülməsi sizin şikayətinizə baxılmamasına səbəb ola bilər, əgər müddəti üzrlü səbəblərdən ötürmüsünüzsə bununla bağlı müddətin bərpası ərizəsi ilə məhkəməyə müraciət edə bilərsiniz.
Kassasiya şikayətlərinin verilməsində vəkilin rolu
Kassasiya şikayətlərinin vəkil tərəfindən verilməsi mütləqdir və bu qayda qanunvericiliklə müəyyən edilmişdir. Əgər siz kassasiya şikayətinizi vəkiliniz olmadan versəniz şikayətiniz geri qaytarılacaqdır. Bu səbəbdən də kassasiya şikayətinizin hazırlanması və sizin kassasiya instansiyasında təmsil edilməsi prosesini peşəkarlara həvalə emtəyiniz mütləqdir.
Qeyd edək ki, təcrübədə gördüyümüz bir sıra hallarda birinci instansiya və apellyasiya instansiyası əleyhinizə qərar qəbul etsə də düzgün və yaxşı əsaslandırılmış kassasiya şikayəti ilə kassasiya instansiyasında işi öz xeyrinizə çevirə bilmək şansınız kifayət qədər çoxdur. Bəzən şəxslər məhkəməyə özləri müraciət edir və ya peşəkar olmayan şəxslərin xidmətlərindən istifadə edirlər, bu kimi hallarda şəxslər haqlı olsalar belə öz mövqelərini və mənafelərini məhkəməyə müraciət etdikləri zaman düzgün əsaslandırmadıqları və məhkəməyə lazımi sübutları təqdim etmədiklərinə görə uğursuzluqla qarşılaşa bilirlər.
Bu kimi hallarda vəziyyəti xeyrinizə dəyişmək üçün son şans kassasiya instansiyası ola bilər, bu səbəbdən də kassasiya şikayəti verilən dövrə qədər əgər uğursuz olmusunuzsa, kassasiya şikayətinin verilməsini peşəkar vəkillərə həvalə etməlisiniz.
Kassasiya şikayətinin verilməsi ilə bağlı sizə təklif etdiyimiz xidmətlər
Komandamızın hüququn müxtəlif sahələrində ixtisaslaşmış vəkilləri sizə kassasiya instansiyasında təmsilçiliklə bağlı aşağıdakı hüquqi xidmətləri təklif edir:
- Kassasiya şikayətlərinin hazırlanması və göndərilməsi;
- Əvvəlki instansiya məhkəmələri tərəfindən çıxarılmış qərarların, işin hallarının təhlil edilməsi və bu istiqamətdə hüquqi məsləhətlərin verilməsi;
- Kassasiya instansiyasında təmsilçilik.
Əgər siz də məhkəmə işlərinizin kassasiya instansiyasında uğurla nəticələnməsini istəyirsinizsə komandamızın peşəkar vəkilləri ilə əlaqə saxlaya bilərsiniz.