Boşanma prosesi zamanı ortaya çıxan mübahisələrdən biri də ər-arvad arasında əmlak bölgüsü ilə bağlıdır. Əmlak bölgüsü ilə bağlı məhkəmə mübahisələri zaman və diqqət tələb edən mübahisələrdəndir. Bu mübahisələr zamanı diqqət edilməli olan bir sıra məqamlar mövcuddur.
Ər-arvadın birgə mülkiyyəti
Ər və arvadın birgə nikah dövründə əldə etdiyi əmlak tərəflərin birgə mülkiyyəti hesab olunur və nikaha xitam verilən zaman qeyd edilən əmlak tərəflər arasında bölünür. Ər-arvadın birgə mülkiyyəti dedikə aşağıdakılar nəzərdə tutulur:
- onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (xəsarət, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.);
- ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit təşkilatlarına və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ər-arvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak.
Birgə nikah dövründə ev təsərrüfatı ilə, uşaqlara qulluq etməklə məşğul olduğundan və ya digər üzürlü səbəblərə görə müstəqil qazancı olmayan ər (arvad) da ümumi əmlak üzərində hüquqa malikdir.
Ər-arvadın ümumi əmlakının bölünməsi qaydası
Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra həyata keçirilə bilər.
Ər-arvadın ümumi əmlakı onların sazişi əsasında bölünə bilər. Belə saziş ər-arvadın arzusu ilə notariat qaydasında təsdiq edilə bilər.
Tərəflər arasında bmübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.
Məhkəmə ər-arvadın ümumi əmlakını bölərkən onların tələbi ilə hər birinə çatacaq əmlakı müəyyən edir. Ər-arvaddan birinə, dəyəri ona çatası payın dəyərini aşan əmlak verildikdə, bunun əvəzində digərinə müvafiq məbləğdə pul və ya başqa kompensasiya verilə bilər.
Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.
Ayrı-ayrı hallarda məhkəmə yetkinlik yaşına çatmayan uşaqların mənafeyini və (və ya) ərin (arvadın) diqqətəlayiq mənafeyini, o cümlədən ər-arvaddan biri üzürsüz səbəbdən gəlir əldə etmədiyi və ya birgə mülkiyyəti ailənin mənafeyinə zidd olaraq sərf etdiyi hallarda nəzərə alıb onların birgə mülkiyyətinin bölünməsi zamanı payları bərabər bölməyə bilər. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir.
Əmlak bölgüsü ilə bağlı diqqət edilməli olan məqamlardan biri də iddia müddəti ilə bağlıdır. Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur.
İpotekada olan əmlakın bölünməsi
Ər-arvad arasında ailə mübahisələri zamanı maraqlı məqamlardan biri də ipotekada olan əmlakın bölünməsi ilə bağlıdır. Əgər ər-arvad birgə nikah dövründə ipoteka ilə əmlak əldə etmişlərsə və daha sonra ayrılmağa qərar vermişlərsə, bu əmlaka dair payların bölünməsini bir nümunə ilə izah edək. Məsələn, əgər, şəxslər ipoteka ilə əmlak almış və onun 5 ilini ödəmişlərsə və 10 il müddət qalmışdırsa, bu 5 il şəxslərin birgə mülkiyyəti hesabına ödənilmiş hesab olunur. Yerdə qalan 10 ili arvad ödəməkdən imtina edərsə belə olan halda ər indiyə qədər ödənilmiş məbləğin yarısı miqdarında pul məbləğini arvada verməli, və bundan sonrakı 10 il ərzində borcu özü ödəməlidir, sonda da əmlak ərin mülkiyyətində qalacaqdır. Əgər ər məbləği ödəməkdən imtina edərsə belə olan halda əmlakın arvad tərəfindən ödənilmiş pul məbləğinə mütənasib olan hissəsi arvadın payı hesab edilir.
Ər-arvadın ayrı mülkiyyəti
Ər-arvadın mülkiyyətində olan bir sıra əmlaklar da var ki, onların şəxsi əmlakları hesab edilir və ümumi mülkiyyətin predmeti olmur. Qeyd edilən əmlaklar aşağıdakılardır:
- Nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır).
- Ziynət əşyaları istisna olmaqla, fərdi istifadə şeyləri (geyim, ayaqqabı və s.) nikah zamanı ər-arvadın ümumi vəsaiti hesabına əldə edilsə də, ər-arvaddan kimin istifadəsində olubsa, ona məxsusdur.
Nikahda olduqları dövrdə ər-arvadın hansınınsa əməyi hesabına ər-arvadın hər birinin əmlakının dəyərini xeyli artıran vəsaitin qoyulması (əsaslı təmir, yenidən quraşdırma, avadanlığı dəyişdirmə və s.) müəyyən edilərsə, həmin əmlak onların birgə mülkiyyəti sayıla bilər. Məsələn, ər nikahdan əvvəl təmirsiz ev almışdır, daha sonra nikah dövründə tərəflərin birgə mülkiyyəti hesabına ev əsaslı təmir edilmiş və evin dəyəri artırılmışdır, belə olan halda ev nikahdan əvvəl alınsa belə birgə mülkiyyət hesab olunacaqdır.
Digər bir məsələ isə nikahdan əvvəl ər və ya arvada bağışlanmış əmlakın nikah dövründə satılıb yeni əmlak alındığı təqdirdə alınan yeni əmlakın bölgüsü ilə bağlıdır. Belə ki, bu hallar bağlı Ali Məhkəmənin yeni qərarı qəbul edilmişdir. Qərara əsasən, bu kimi hallarda əgər yeni aldığınız evin məbləği satdığınız evin dəyərindən azdırsa, o zaman yeni alınmış ev sizin mülkiyyətiniz hesab edilir. Əgər, yeni alınan evin məbləği, satılan evin məbləğindən çoxdursa o zaman satılan evin məbləğinə mütənasib hissədə ev sizin hesab edilir, yerdə qalan məbləğdə isə əmlak bölünməlidir.
Birgə nikah zamanı yaranmış kredit öhdəlikləri
Əgər ər və ya arvad birgə nikah zamanı ailə ehtiyacları üçün kredit götürmüşlərsə bu zaman kreditin bir hissəsinin digər tərəfdən ödənilməsi tələb edilə bilər. Burada əsas və sübut edilməli məqam götürülən kredit məbləğinin həqiqətən də şəxsi məqsədlər üçün yox ailə və birgə yaşayış ehtiyacları üçün sərf olunması ilə bağlıdır.
Nikah müqaviləsi
Bunu da qeyd edək ki, nikahdan əvvəl və ya nikah bağlandıqdan sonra ər-arvad arasında nikah müqaviləsi də bağlanıla bilər. Nikah müqaviləsində ailə münasibətləri ilə bağlı bir sıra məqamlarda, habelə, əmlak bölgüsü ilə bağlı məqamlarda tərəflər razılaşa bilərlər. Belə olan halda tərəflər arasında əmlakla bağlı mübahisə yaranarsa bu müqavilə əsas götürüləcəkdir.
Əmlak bölgüsü ilə bağlı sizə təklif etdiyimiz xidmətlər
Komandamızın ailə mübahisələri üzrə ixtisaslaşmış peşəkar hüquqşünasları və vəkilləri Sizə aşağıdakı xidmətləri təklif edir:
- nikah müqavilələrinin tərtib edilməsi və yoxlanılması;
- əmlak bölgüsü ilə bağlı işlər üzrə mediasiyada təmsilçilik;
- əmlak bölgüsü ilə bağlı işlər üzrə məhkəmə sənədlərinin hazırlanması;
- məhkəmədə təmsilçilik;
- məhkəmə qərarlarının icrasına nəzarət.
Əgər sizin də əmlak bölgüsü ilə bağlı hüquqi mübahisəniz varsa öz hüquqi probleminizin həllini komandamızın peşəkar hüquqşünaslarına həvalə edə bilərsiniz.